Süni intellekt tərəfindən hal münasibətlərinin avtomatik tanınması: Azərbaycan dili və hal sistemi inkişaf etmiş dillərin müqayisəli tədqiqi
Abstract
Məqalədə hal kateqoriyasının rəqəmsal dilçilik və süni intellekt texnologiyaları kontekstində avtomatik tanınması problemi araşdırılır. Tədqiqatın əsas məqsədi morfoloji halın müasir çoxdilli dil modellərində hansı səviyyədə təmsil olunduğunu müəyyənləşdirmək və Azərbaycan dilinin bu istiqamətdəki potensialını hal sistemi inkişaf etmiş digər dillərlə müqayisəli şəkildə qiymətləndirməkdir. Araşdırmada müasir kompüter dilçiliyində istifadə olunan morfosintaktik xüsusiyyətlərin avtomatik yoxlanılması üsulları, Universal Dependencies (Ümumdünya asılılıqlar sistemi), UniMorph (vahid morfoloji təsvir sistemi), çoxdilli BERT modeli və XLM-RoBERTa kimi çoxdilli dil modelləri nəzərdən keçirilir. Müasir tədqiqatlar göstərir ki, transformerlər sözlərin hal, cins, kəmiyyət və zaman kimi qrammatik xüsusiyyətlərini mətn daxilindəki kontekstdən öyrənərək öz dil təsvirlərində əks etdirirlər. Bununla belə, morfoloji cəhətdən zəngin və resurs baxımından aşağı təminatlı dillərdə, o cümlədən Azərbaycan dilində, hal münasibətlərinin avtomatik tanınması hələ də ayrıca tədqiqat problemi olaraq qalır. Məqalədə Azərbaycan dili üçün əsas problemlər kimi kiçik həcmli və morfoloji məlumatlarla zəngin rəqəmsal resursların azlığı, hal formalarının kontekstdən asılılığı və sözlərin hissələrə bölünməsinin morfoloji quruluşa təsiri müəyyən edilir. Tədqiqat nəticəsində Azərbaycan dili üçün hal kateqoriyasının avtomatik tanınmasına yönəlmiş korpus və model əsaslı yeni tədqiqat çərçivəsi təklif olunur.